II Liqada çıxış edən “Hypers Guba” komandasının kapitanı Cavid İmamverdiyevin matc.az saytına müsahibəsi

- Ölkə kubokunun II təsnifat mərhələsində "Turan Tovuz"a 2:7 hesabı ilə uduzaraq yarışla vidalaşdınız. Matçla bağlı fikriniz necədir? Komandalar arasında səviyyə fərqi çox hiss olundu?

- Əlbəttə ki, komandalar arasında səviyyə fərqi var. Premyer Liqa iştirakçıları ilə I və II Liqa komandaları arasında həm tonus, həm də səviyyə fərqi mövcuddu. Bunu normal qəbul edirik. Həqiqətən də, rəqib bizdən qat-qat üstün idi. Düzdü, ikinci hissədə bir az oyun göstərə bildik, qollar vurduq. Bilirsiniz ki, “Turan Tovuz” cari mövsümə çox yaxşı başlayıb. Buna görə də, bizim üçün çətin görüş oldu. “Turan Tovuz”a uğurlar arzulayıram. Biz isə əsas fikrimizi II Liqanın oyunlarına yönəldəcəyik.

- Ötən sezon "Kür-Araz"da çıxış edirdiniz, cari mövsümdən isə "Hypers Guba"nın formasını geyinirsiniz. Komandanızın II Liqada bunaqədərki çıxışını necə dəyərləndirirsiniz?

- Komandanın baş məşqçisi Vüqar Nadirov dostum, qardaşımdı. Ona görə “Hypers Guba” ilə razılaşdım. Mövsümə pis start götürmədik. Düzdü, ilk oyunumuzda texniki məğlubiyyətlə üzləşdik. Buna rəğmən, növbəti matçlarda yaxşı təsir bağışladıq. Düşünürəm ki, “Hypers Guba” komandası olaraq, Azərbaycanda adımızdan söz etdirə bilmişik. Əsas rəqiblərimizdən olan “Şahdağ Qusar”a uduzduq. Bu, futboldu, hər nəticənin qeydə alınması mümkündü. Bütün oyunlara psixoloji cəhətdən hazırıq, məğlubiyyət olanda sınmaq fikrimiz yoxdu. Önümüzə baxırıq.

- II Liqanın növbəti turunda “Şəfa” ilə üz-üzə gələcəksiniz. Bu oyundan hansı nəticəni gözləyirsiniz?

- “Şəfa” da bizim əsas rəqiblərimizdəndi. Oyunun çətin keçəcəyini bilirik. Amma istəyimiz odu ki, qalib gələk.

- "Hypers Guba"nın qarşısına konkret hansı tapşırıq qoyulub və onun öhdəsindən gələ biləcəksiniz?

- Rəhbərlik və baş məşqçi tərəfindən qarşımıza konkret tapşırıq qoyulmayıb. Amma bilirsiniz ki, Vüqar Nadirov uzun illər iddialı klubların, milli komandanın şərəfini qoruyub. Onunla yığmada bir yerdə oynamışıq. Əlbəttə ki, bu cür xarakterli insanlar çempionluğa oynamaq istəyər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest