"Mançester Yunayted" yayda 25 yaşlı hücumçu Xulian Alvaresin transferi üçün "Atletiko"ya 150 milyon avro təklif etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
Bildirilir ki, digər Avropa nəhəngləri kimi "qırmızı şeytanlar" da argentinalı futbolçunun cari mövsümdəki çıxışına heyran qalıb. Bununla belə, Alvares "Atletiko"da xoşbəxtdir və Dieqo Simeonenin komandasını tərk etmək istəmir.
Qeyd edək ki, hücumçu keçən yay "Mançester Siti"dən "Atletiko"ya keçib. Alvares bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.