“Rusiya ilə dünən keçirdiyimiz ilk oyunda uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar”. Matc.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Çalışdırıcı Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda keçirdikləri ilk iki oyunu dəyərləndirib. O, əvvəlcə dünən Rusiya (0:3) ilə keçirilən görüş barədə fikirlərini bölüşüb: “Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük”.

Yadullayev İran üzərindəki 1:0 hesablı qələbəyə də münasibət bildirib: “Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, yeni futbolçulara baxırıq. İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.

Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest