AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurum saytında məlumat yayılıb.
İclasda Misli Premyer Liqasının 23-cü turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.
“Neftçi” - “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt təmsilçisi 800 manat cərimə edilib. Matçda “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi”yə 1000 manat cərimə də kəsilib.
Qarşılaşmada “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib. Oyunun 22-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Qarabağ”a 1500 manat cərimə kəsilib. “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 1000 manat cərimə edilib.
“Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Araz-Naxçıvan” 1000 manat cərimə edilib.