Premyer Liqa və I Liqa komandaları arasında pley-off oyunları keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
Pley-off oyunları I Liqa və II Liqa komandaları arasında da tətbiq olunacaq. Belə ki, 2025/2026-cı illər mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.