Milli komandamızın sabiq müdafiəçisi Saşa Yunisoğlunun matc.az saytına müsahibəsi
- Növbəti mövsümdə 12 komandalı, 3 dövrəli çempionat izləyəcəyik. Komanda sayının artırılması və yeni formatla bağlı fikirləriniz necədi?
- Bu, Azərbaycan futbolunda son illərin ən yaxşı, həmçinin çoxdan gözlənilən və lazım olan qərarlardan biridi. Liqalarımızda nə qədər çox komanda iştirak edəcəksə, bir o qədər yaxşıdı. Ümidvaram ki bu, rəqəm yaxın gələcəkdə ən azı 16-ya qalxacaq.
- Maraq doğuran məsələlərdən biri də cari mövsümün sonunda 10-cu yeri tutacaq komandanın I Liqaya düşüb-düşməyəcəyi ilə bağlı idi. Artıq bəllidi ki, mövsümün sonunda Premyer Liqanı tərk edən komanda olacaq və beləcə idman prinsipləri qorunacaq. Yəqin ki, bu qərar sizin də ürəyinizcə oldu...
- Bu qərar da vacibdi. Əgər biz futbolumuzun inkişafını istəyiriksə, mütləq şəkildə idman prinsipləri qorunmalıdı. Bir komanda düşür, əvəzində digər komanda liqaya yüksəlir. Bu praktika dünya futbolunda var və belə da olmalıdı. AFFA-nı bu qərarlara görə alqışlamaq lazımdı.
- I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək. Bu komandaların hansılar olmasını istərdiniz?
- Bəli, bu il 3 komanda I Liqadan Premyer liqaya qalxacaq. Bu, çox gözəldi, amma bir sual var. “Qəbələ”ni kənara qoyaq, çünki onlarda elitada oynamaq üçün bütün lazımi şərait var. Bəs yüksək dəstəyə qalxacaq digər komandalar Premyer Liqada oynamağa hazırdılarmı? Məşq üçün meydançalar salınmalı, akademiya üçün şərait yaradılmalıdı. Biz istəyirik ki, bütün stadionlarımızda təbii ot örtüyü olsun. Amma ona baxmaq lazımdı. Bəs məşqləri harada edəcəklər? Heç olmasa, yaxşı süni ot örtüyü olmalıdı. Çox nüanslar və suallar var. İnşallah, hər şey düzələcək. Əsas odu ki, nəhayət, bu yola çıxmışıq və buna davam etməliyik.
- Növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibətiniz necədi? Sizcə, bu, azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməsinə səbəb ola bilər?
- Bilirsiniz, limitin ləğvi ilə bağlı indi heç kim doğru cavab verməyəcək. Çünki limitin ləğv olunduğu bəzi ölkələrdə bu, müsbət effekt verib, bəzilərində isə mənfi. Bu suala cavabı 1-2 ildən sonra dəqiq verə bilərik. Düşünürəm ki, bu qərarda müsbət tərəflər daha çoxdu. Birincisi, Premyer Liqanın səviyyəsi qalxacaq. İkincisi, azərbaycanlı futbolçular artıq məcburi inkişaf etməlidilər. Yaxşı olacaqsansa, oynayacaqsan. Onsuz da, yaxşı futbolçulara yer tapılacaq. Digər tərəfdən, I Liqanın da səviyyəsi qalxacaq. Çünki Premyer Liqada özlərinə yer tapa bilməyənlər I Liqada çıxış etməyə başlayacaqlar. Eyni zamanda, legioner limitinin ləğvi azərbaycanlı futbolçuların xaricə getməsinə məcburi təkan ola bilər.