“Kəpəz”in kapitanı Yeqor Xvalkonun matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 24-cü turunda “Zirə”yə məğlub oldunuz (0:2). Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin şəraitdə də olsa, matçı keçirə bildik. Oyuna gəlincə, nəsə demək çətindi. Düşündüklərimizi meydanda reallaşdıra bilmədik, az sayda qol epizodu yaratdıq. Düzünü demək lazımdı, “Zirə” daha güclü idi.

- “Zirə”nin ilk qolu baxımlı alındı. Həmin epizodda qarşısını kəsməli olduğunuz Rafael Utziqin o cür zərbə vuracağını yəqin ki, gözləmirdiniz…

- ⁠Belə anlar tez-tez olmur. Nadir hallarda bu cür zərbə gözləyirsən. Bir müdafiəçi kimi bu topa çatmaq mənim üçün çətin idi.

- Maraqlıdı ki, cari mövsümdə “Zirə”yə qarşı keçirdiyiniz hər 3 oyunda məğlub olmusunuz. Bunun xüsusi səbəbi varmı? “Zirə” qarşı oyununuz niyə alınmır?

- “Zirə”yə qarşı hər oyunumuz fərqli keçib. Mahiyyət etibarı ilə hər dəfə fərqli formada olan komandalar üz-üzə gəliblər. Əvvəlki 2 mövsümdə “Zirə”yə qarşı oyunumuz pis alınmırdı. Bu mövsüm isə vəziyyət fərqlidi. Bu, futboldu, belə halların baş verməsi mümkündü. Digər tərəfdən, rəqib hazırda ikinci yerdə qərarlaşıb. Liderlərə qarşı oynamaq isə həmişə çətindi.

- Növbəti görüşünüz ölkə kubokunda “Neftçi”yə qarşı olacaq. 1/4 finalın ilk oyununda 0:2 hesabı ilə uduzmusunuz. Cavab matçında sensasiya etməyə gücünüz çatacaq?

- İlk matçdakı nəticəyə rəğmən, “Neftçi” ilə cavab oyunu bizim üçün vacibdi. Şans həmişə var. Hələ mübarizədən qopmamışıq. Cavab matçında əlimizdən gələni edəcəyik. Necə olacağını isə oyundan sonra biləcəyik.

- Ümumiyyətlə, “Kəpəz”in qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiniz? Sizcə, komandanız Premyer Liqadakı yerini qoruya biləcək?

- Fikrimcə, qış fasiləsindən sonrakı çıxışımız pis deyil. Daha yaxşı təsir bağışlaya da bilərdik. Ancaq digər tərəfdən, nəticələrimiz bundan zəif ola da bilərdi. Düşünürəm ki, “Kəpəz”i Premyer Liqada saxlaya biləcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest