“Arsenal” azarkeşi 3 il müddətinə İngiltərədəki oyunlara buraxılmayacaq. Matc.az xəbər verir ki, Vestminster məhkəməsində keçirilən iclasdan sonra azarkeş Qordon İrikefenin Böyük Britaniyada bütün futbol görüşlərinə girişinə qadağa qoyulub.
Ötən həftə aparılan intizam araşdırması onun polisdə xidmət etdiyi dövrdə peşə standartlarını pozduğunu müəyyən edib. İrikefe fevralın 12-də istefa versə də, bərpa hüququ olmadan işdən çıxarılıb. O, ciddi etik qayda pozuntularında günahkar bilinib. 2022-ci ilin oktyabrından 2024-cü ilin aprelinə qədər “Arsenal”ın oyunlarında müxtəlif qayda pozuntularına yol verdiyi aşkarlanıb.
Məhkəmə qərarına əsasən, fanata “Emireyts” stadionuna 1.6 km yaxınlaşmaq qadağan edilib. İngiltərə millisinin oynadığı stadionlara isə matçdan 4 saat əvvəl və sonra 3.2 km yaxınlaşmaq qadağası qoyulub.
İrikefenin tez-tez stadionlarda xuliqanlıq və ictimai asayişi pozması polis tərəfindən qeydə alınıb.