Veteran futbolçu Mahmud Qurbanovun matc.az saytına müsahibəsi
- Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda "Səbail"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ"ı artıq yarımfinalda hesab etmək olar? Yoxsa “dənizçilər” cavab matçında sensasiya edə bilərlər?
- Məncə, “Qarabağ”ı artıq yarımfinalda hesab etmək olar. Möcüzə baş verməsə, Ağdam klubu yarımfinala çıxacaq. İlk oyunda qələbə qazanan “Qarabağ”ın cavab görüşündə də meydanı qalibiyyətlə tərk edəcəyini düşünürəm.
- “Sumqayıt” - “Sabah” duelində kimi şanslı hesab edirsiniz?
- Bu komandaların ilk oyunu qolsuz bərabərliklə başa çatıb. Cavab matçının gərgin keçəcəyi qənaətindəyəm. “Sabah”ın avrokuboklara vəsiqə qazanmaq üçün şansı kuboka qalıb. “Sumqayıt”ın da itiriləsi heç nəyi yoxdu. Bu baxımdan, hər iki komandanın şansı bərabərdi. Bu isə maraqlı görüş izləyəcəyimizi deməyə əsas verir.
- “Zirə” - “Araz-Naxçıvan” matçından gözləntiniz nədi? Meydan sahibləri ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biləcəklər?
- “Araz-Naxçıvan” ilk oyunda minimalhesablı qələbə qazanıb. Fikrimcə, onlar cavab matçına sırf hesabı qorumaq fikri ilə çıxmayacaqlar. “Zirə”yə isə mütləq qələbə lazımdı, buna görə də komanda bütün gücünü meydanda qoyacaq. Təbii ki, ilk matçda qalib gəldiyi üçün “Araz-Naxçıvan”ın üstünlüyü var.
- Digər cütlükdə isə vaxtilə futbolçu kimi formasını geyindiyiniz “Neftçi” və “Kəpəz” üz-üzə gələcək. İlk oyunda 0:2 hesabı ilə uduzan Gəncə təmsilçisindən səfər matçında sensasiya gözləməyə dəyər?
- Düşünürəm ki, yarımfinala çıxan komanda “Neftçi” olacaq. Səfərdə qələbə qazandıqları üçün üstünlüyə sahibdilər. İndi öz meydanlarında “Kəpəz”lə üz-üzə gələcəklər. Fikrimcə, “Neftçi” yarımfinala yüksəlmək şansını əldən verməyəcək.