"Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu ailəsi haqda danışaraq həssas məqamlara toxunub.
Matiasın kiçik oğlu, 5 yaşlı Mateus autizm xəstəsidi və xüsusi qayğıya ehtiyacı var. Bildirilir ki, bu səbəbdən Yurinin legioner həyatı yaşaması indiki halda onun üçün çox ağırdı. Matias ailəsi ilə daim əlaqə saxladığını qeyd edərək, bunları əlavə edib: “Vəziyyətin nə qədər çətin olduğunu izah edə bilmirəm. Məni dərindən təsirləndirir. Ailədən uzaq qalmaqdan əlavə kiçik oğlumun autizm olması ayrı bir mübarizədi. Onun inkişafı üçün müalicəsi dayanmamalıdı”.
Yurinin həyat yoldaşı Mikele də bu haqda danışıb. O bildirib ki, övladlarının Matiasa çox güclü bağlılığı var: “Yuri yanımızda olmayanda autizm diaqnozu qoyulmuş oğlumuzun davranışı daha da pisləşir. Ancaq birlikdə olanda davranışında əhəmiyyətli dərəcədə inkişaf hiss edirik. Onun dərmanı atasıdı”.
Braziliya mətbuatı qeyd edib ki, Matiasın “Neftçi” ilə müqaviləsi iyun ayında yekunlaşır. Bu isə o deməkdi ki, “sambaçı” istənilən klubla danışıq aparmaq hüququna malikdi. Matiasın ailəsi ilə birlikdə yaşaması üçün vətəninə qayıtmağı düşündüyü qeyd olunub.