AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” – “Kəpəz” (1:0) oyunundakı penalti epizoduna münasibət bildirib.
Matc.az xəbər verir ki, o, 58-ci dəqiqədə bakılıların hücumçusu Bassalu Sambuya göstərilən qırmızı vərəqə qərarını dəyərləndirib.
Belçikalı mütəxəssis VAR-ın müdaxiləsini haqlı hesab edib: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.
Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Sambuya 2 oyunluq cəza verib.