“Qarabağ”a qayıdan Kadi Borges Macarıstan mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu Ağdam klubuna dönüşünü dəyərləndirib.

O bildirib ki, “Ferensvaroş”dan ayrılması macar klubunun qərarı ilə baş verib. Kadi bildirib ki, sabiq komandasının müqaviləni ləğv etməsi onun üçün sürpriz olub: “Növbəti matça hazırlaşırdım. İdman direktorumuz Tamaş Haynal zəng etdi və “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao ilə dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Bildirdim ki, klub və mənim üçün yaxşı olarsa, bəli. Qısa müddətdən sonra başa düşdüm ki, iş artıq son mərhələdədi. Agentimdən soruşdum, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik. Səbəbləri hələ də anlamırıq. Bu, “Ferentsvaroş” rəhbərliyinin qərarı idi.

Kadi “Siz Ferentsvaroşdan ayrılmaq istəmirdiniz” sualına belə cavab verib: “Ötən ilin yayında uzunmüddətli müqavilə imzalamışdım. Ayrılmaq üçün səbəb olmadığı üçün heç vaxt bu barədə xahiş etməmişəm. Danışıq klublar arasında olub. “Ferentsvaroş” rəhbərliyi klubdan getməyim üçün mənə heç bir səbəb göstərmədi. Fikrimcə, daha məni klubda görmək istəmədiklərinə görə, bu addımı atdılar. Mən ayrılmağı xahiş etmədim, rəhbərlik bunu istədi”.

Kadi bununla yanaşı, “Qarabağ”a qayıtdığı üçün şad olduğunu bildirib: “Qarabağ”da bütün futbolçulara hörmət edir və inanırlar. Ürəyim sakitdi. Yenidən burada olmaqdan çox məmnunam. Mümkün qədər tez vaxtda meydançaya qayıtmağa çalışacağam”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest