AVRO-2020-nin final mərhələsində bu gün daha üç oyun keçiriləcək. Matc.az xəbər verir ki, turnirin ikinci qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq. Saat 18:00-da Uels və İsveçrə yığmaları üz-üzə gələcək.  

"Qapı torunun harada olduğunu bilirəm"

Matç öncəsi fikirlərini açıqlayan Uels yığmasının lideri Qaret Beyl bildirib ki, oyuna kapitan kimi çıxacağı karyerasında əhəmiyyətli hadisə olacaq: "Kapitan sarğısını daşımaq böyük şərəfdi. Ancaq ölkəni böyük turnirdə kapitan kimi idarə etmək karyeramın ən diqqətçəkən məqamlarından biri olacaq".

Beyl millidə keçirdiyi 92 görüşdə 33 dəfə fərqlənib və Uels tarixində ən çox qol vuran futbolçudu: "Qol vuranda dediyim kimi, kimin fərqlənməsi vacib deyil. Əsas  nəticədi. Düzdü, bir müddət qol vura bilmirdim, amma bəlkə də 6 və ya 7 assist etmişəm. Buna görə hələ də qollar baxımından öz töhfəmi verirəm. Narahat deyiləm. Qapı torunun harada olduğunu bilirəm və fürsət olsa, qol vura biləcəyəm".

"Danışmaq yox, uğura nail olmaq istəyirik"

İsveçrə yığmasının futbolçusu Qranit Xaka da qarşılaşma öncəsi nikbin danışıb. "Arsenal"da forma geyinən yarımmüdafiəçi bildirib ki, danışmağı yox, komandasının uğurunu düşünür: "Məndə yaxşı bir hiss var. Yaxşı hazırlıq keçirdik və təbii ki, gözləntilər böyükdü. İctimaiyyət bizdən çox şey gözləyir. Danışmaq yox, uğura nail olmaq istəyirik".

Uelsin şansı nə qədərdir?

Proqnozlara görə, Uels turniri qazansa, böyük şok olar. Bukmekerlər onlara yalnız 1,3 faiz şans verir. Komandanın İsveçrəyə qarşı oyunu, irəliləmələri üçün çox vacibdi. Uelsin 28 faiz qələbə, 28 faiz heç-heçə şansı var, lakin İsveçrə bu dueldə favoritdi.  
 

Oxşar faktlar

Bu, Uels və İsveçrə arasında böyük turnirdə ilk görüş olacaq. 7 yoldaşlıq görüşünün beşində İsveçrə, ikisində Uels qalib gəlib.

İsveçrə beşinci dəfə Avropa çempionatında iştirak edir. Daha əvvəl, 2016-cı ildə yalnız bir dəfə final mərhələsinə yüksəliblər.

İsveçrə Avropa çempionatındakı 13 oyununun yalnız birində birdən çox qol vurub. Onlar 2008-ci ildə qrup mərhələsində Portuqaliya üzərində evdə 2:0 hesablı qələbə qazanıblar.

Uels AVRO-2020-nin seçmə mərhələsində hər oyuna 1.25 qol vurdu (səkkiz oyunda 10 qol).

Qaret Beyl İsveçrəyə qarşı əvvəlki iki oyunun hər ikisində qol vurub.

Aaron Remzi AVRO-2016-dakı turnirində Uelsin qollarının yarısında iştirak edib: bir qol və dörd məhsuldar ötürmə.

Xerdan Şakiri 2014-cü ildən bəri İsveçrənin böyük turnirlərdə vurduğu qolların 47 faizində iştirak edib.

Vladimir Petkoviç 2014-cü ilin avqustundan bu yana milliyə rəhbərlik edir. O, Kobi Kuhndan sonra ardıcıl üç böyük turnirdə İsveçrəyə rəhbərlik edən ikinci menecerdi (AVRO-2004, Dç-2006, AVRO-2008).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest