25 Sentyabr 2022, 22:42
PARİS-2024
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq. Komandamın ikinci hissədə göstərdiyi oyundan razı qaldım. ümumiyyətlə, qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgilədik. Birinci turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".
De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasının səbəbini belə izah edib: "Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".
Baş məşqçi qələbədən sonra azarkeşlərə yaxınlaşmamaları barədə danışıb: "Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".
İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbini açıqlayıb: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən".
De Byazi Qazaxıstanla səfərdə və Slovakiya ilə evdəki matçların nəticələrinə görə məyus olduğunu sözlərinə əlavə edib: "Bu görüşlərdə uduzmamalı idik, müdafiədə böyük səhvlər etdik, bizə baha başa gəldi. Bu komanda daha yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın".
Baş məşqçi Azərbaycan yığmasının tarixində indiyək ardıcıl 3 qələbə əldə etmədiyini xatırladıb: "Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. ƏMən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib. Bu oyunçularla davam etməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər".
Mütəxəssis Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu diqqətə çatdırıb: "çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar".
De Byazi millinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ehtimalı barədə qısa danışıb: "Millətlər Liqasında və ya seçmə mərhələdən vəsiqə qazanmağın fərqi yoxdur. Gözəl təcrübə olar. Xalq, futbolçular üçün qeyri-adi şey olar. Bəxtimiz gətirsə, çıxa bilərik".
Baş məşqçi son olaraq Musa Qurbanlı haqqında fikirlərini bölüşüb: "çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Onda əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, "Qarabağ"da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi də perspektivli oyunçularımız var".