“Liverpul”un sabiq hücumçusu Maykl Ouen karyerasının ən ağır anlarının birini  etiraf edib. Matc.az xəbər verir ki, ingiltərəli sabiq futbolçu 2004-cü ildə İspaniyanın “Real” (Madrid) klubuna transfer olunduqdan sonra keçirdiyi hissləri bölüşüb.

Ouen 2004-cü il avqustun 14-də 8 milyon funt-sterlinq qarşılığında “Kral klubu”na keçmişdi. Lakin bu keçid ulduz futbolçu üçün asan başa gəlməyib.

Ouen “FourFourTwo” nəşrinə verdiyi müsahibəsində həmin dövrü belə xatırlayır:

“Ağlımın ucundan belə keçmirdi ki, “Liverpul”dan ayrılacağam. Biz ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında idik. Otel otağımda Ceymi Karragerlə birlikdə olduğum vaxt agentim mənə zəng etdi”.

Komanda yoldaşı Ceymi Karragerin onun bu keçidə etiraz etdiyini xatırladan Ouen bildirib ki, dostu onu fikrindən daşındırmağa çalışıb: “Ceymi mənə dedi ki, getmə. Onların heyətində Raul, Ronaldo və Fernando Moryentes var. Sən bir dəqiqə belə oynamayacaqsan”.

Bütün tərəddüdlərə baxmayaraq, transfer baş tutub. Lakin sənədlərə imza atdıqdan sonra geridönüş olmadığını anlayan oyunçu dərin peşmanlıq və kədər hiss keçirdiyini gizlətməyib: “Sonda mən razılaşdım. Amma bilirsiniz, müqavilə imzalayanda və artıq geri dönüşün olmadığını anlayanda yaranan o hissi?  Hava limanına gedərkən arxamda nələri qoyub getdiyimi düşünərək özümü saxlaya bilməyib hönkür-hönkür ağladım”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest