“Mançester Yunayted”ə gəldiyim ilk vaxtlarda Ronaldoya necə oynayacağımızı, onun rolunun nədən ibarət olacağını, ondan nə gözlədiyimi, həmçinin onun məndən və komandadan nə gözləyə biləcəyini izah etdim"
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə birgə işlədiyi dövr barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, hazırda “Əl-Nəsr”də çıxış edən 41 yaşlı futbolçu ilə holland mütəxəssis 2022-ci ildə “Mançester Yunayted”də çalışıb.
Ten Haq “Real”ın futbolçularla vidalaşma yanaşmasını xüsusilə vurğulayıb: “Əslində, “Real”ın ən böyük gücü məhz bundadır. Onlar oyunçularla nə vaxt yollarını ayırmaq lazım olduğunu çox yaxşı bilirlər. “Real” bir futbolçunun səviyyəsinin düşdüyünü hiss edir və onunla elə bir məqamda vidalaşır ki, kənardan baxanlara həmin oyunçu hələ də zirvədəymiş kimi görünür, halbuki reallıqda o, artıq lazımi nəticələri verə bilmir”.
Məşqçi “Mançester Yunayted”ə gəldiyi ilk günlərdə Ronaldo ilə söhbət etdiyini də qeyd edib: “Mançester Yunayted”ə gəldiyim ilk vaxtlarda Ronaldoya necə oynayacağımızı, onun rolunun nədən ibarət olacağını, ondan nə gözlədiyimi, həmçinin onun məndən və komandadan nə gözləyə biləcəyini izah etdim. Lakin sonda nəticəni özün ortaya qoymalısan”.
Ten Haqın sözlərinə görə, Ronaldo həmin dövrdə tələb olunan səviyyəni göstərə bilməyib: “O, artıq ağrılara dözərək mübarizə aparmaq, hər gün var gücü ilə çalışmaq və yüksək formada qalmaq üçün maksimum intensivliklə məşq etmək iqtidarında deyildi. Əgər yüksək formada deyilsənsə – istər Premyer Liqada, istər Çempionlar Liqasında, istərsə də Portuqaliya milli komandasında olsun – o zaman heç bir şansın qalmır”.












