13 Oktyabr 2022, 10:52
ÇEMPİONLAR LİQASI
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA çempionlar Liqasında iki rekorda imza atıb. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin 4-cü tur oyununda yiyələnib.
76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb. Bu isə çL tarixinin ən sürətli het-trikidir. Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus idi. 37 yaşlı hücumçu 2011-ci ildə Lion "Olimpik"ində (Fransa) çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə görüşdə 8 dəqiqəyə 3 qol vurmuşdu.
Salah həm də qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Fil Dişi Sahilindən olan Didye Droqbanı (44 qol) geridə qoyub.