“Yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, klub məni çətin vaxtımda qovub. Əslində belə olmayıb”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlamasında deyib.
44 yaşlı mütəxəssis qış fasiləsində komandadan qovulmadığını, özü getmək qərarına gəldiyini bildirib: “Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi, daha sonra isə qayıtmayacağımı dedim. Məni anlayışla qarşıladılar, heç bir mübahisə olmadı. Çünki futbola marağım qalmamışdı. Qurban kimi görünmək istəmirəm. Bu, həqiqətdi”.
Mutu “Neftçi”nin transferlər üçün az büdcə ayırdığını düşünür: “Mən “Neftçi”ni qəbul edəndə komanda mövsümə hazırlaşırdı. Komandada çoxlu gənclər var idi. İlk matçlardan tənqidlər oldu. UEFA Konfrans Liqasında “Beşiktaş”la düşəndə Türkiyə klubunu keçməmizi istəyirdilər. Ancaq “Beşiktaş” avrokuboklarda çıxış edən vacib klublardan biri idi. Hesab edirəm ki, iddialı komandaya transferlər üçün 3-4 milyon avro kifayət qədər büdcə deyil. Çempionluğun və “Qarabağ”ı üstələməyin real olmadığını kluba dedim. Çünki Ağdam klubunun 15 illik baş məşqçisi var. Ukraynadakı “Şaxtyor” kimi, “Qarabağ” da Azərbaycanda fərqli səviyyədədir. Bu komanda ilə digərləri arasında dəyər fərqi böyükdür”.
O, Azərbaycan Premyer Liqasının gərgin keçdiyini vurğulayıb: “Bu mövsüm çempionat tarazlı və gərgin keçir. “Sabah” 10 komanda arasında 8-ci yerdədir. Mən isə “Neftçi”ni 3-cü pillədə olarkən tərk etdim. Üstəlik, ikinci sıradakı komandadan cəmi 1 xal geridirlər. “Neftçi”nin əsl hədəfi ikinci yeri tutmaqdır”.
Qeyd edək ki, Adrian Mutu yayda “Neftçi”nin sükanı arxasına keçsə də, qış fasiləsində ayrılıb.