“Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradovun matc.az saytına müsahibəsi

- Qış təlim-məşq toplanışı necə keçdi, fasildən yararlana bildiniz?

- Toplanış çox yüksək səviyyədə keçdi. Şükürlər olsun ki, zədəlimiz olmadı. Komanda şəklində hazırlaşa bildik. Ağır məşqlərimiz oldu, taktiki cəhətdən məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Ümid edirəm ki, bütün bunların bəhrəsini çempionatın ikinci yarısında görəcəyik.

- İkinci dövrədə komandanın əsas hədəfi nə olacaq?

- Hədəfimiz bəllidi. Biz çox xal yığıb, bacardığımız qədər yuxarı pillələrə qalxmaq istəyirik. Üst yerlər uğrunda mübarizə aparacağıq.

- Mövsümün ilk yarısının son oyunlarında “Sumqayıt” daha yaxşı forma yığmışdı. Fasilədən sonra həmin tempi tam bərpa edə biləcəksiz?

- Ümid edirəm ki, bunu bacaracağıq. Əlbəttə, istədiyimiz odu ki, tempi yaxalayıb qoruyaq. O cür də davam etmək istəyirik.

- Bu mövsüm qış fasiləsinin müddəti az oldu. Bunun daha yaxşı olduğunu düşünürsünüz?

- Bunu çempionat oyunları göstərəcək. Fasilənin qısa olmasının xeyirli və ya ziyanlı olduğunu mövsümün ikinci yarısında hamımız görəcəyik.

- Yoxlama oyunlarında Rumıniyanın “Hermanştadt” klubuna 0:3 uduzub, Özbəkistan təmsilçisi “Soqdiana” üzərində 3:1 hesablı qələbə qazandınız. Bu matçlar barədə düşüncələriniz necədi?

- Birinci oyunda yükləmələr altında idik və bilirdik ki, çətin, ağır matç olacaq. İkinci matç da ağır keçdi, hava şəraitini də qeyd etmək lazımdı. Lakin özbəklərlə görüşdə daha yaxşı idik.

- Fasilədən sonra səfərdə “Qəbələ” ilə oynayacaqsız. Bu matçdakı qələbə sizin üçün nə qədər vacib olacaq?

- Bilirik ki, ağır səfər matçı bizi gözləyir. Ümid edirəm ki, bu çətin oyundan 3 xalla qayıdacağıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qalibiyyət qazanaq.

- Ötən gün matçda qol vurdunuz. Sizcə, çempionatın ikinci yarısında daha çox qol vura biləcəksiniz?

- Meydanda mənim işim maksimum dərəcədə komandaya kömək olmaqdı. Təbii ki, qol və qol ötürmələri böyük köməkdi. Əlimdən gələn hər şeyi edəcəm ki, “Sumqayıt” uğurlu olsun. Davamının gələcəyinə inanıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest