"Araz-Naxçıvan" dövrələrarası fasilədə heyətini gücləndirməyə davam edir.
Matc.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Naxçıvan klubu Ramin Nəsirli ilə anlaşıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə "6 ay + 1 il" müddətinə anlaşma imzalanıb.
"Neftçi"nin yetirməsi bir müddət Latviyanın güclülər dəstəsində iştirak edən "Dauqavpils" klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.
Nəsirli "Araz-Naxçıvan"a keçidi barədə fikirlərini açıqlayıb: "Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq "Araz-Naxçıvan"ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir".