Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədovun matc.az saytına müsahibəsi

- Mövsümün əvvəlində belə düşünənlər var idi ki, “Qarabağ” bu il rahat çempion ola bilməyəcək. Ancaq Ağdam klubu qış fasiləsinə ən yaxın izləyicisi “Zirə”dən 12 xal öndə yollanmışdı. Çempionatın ikinci yarısının artıq start götürdüyünü nəzərə alsaq, Qurban Qurbanovun komandasının yenə vaxtından əvvəl çempionluğu təmin edəcəyi real görünür…

- “Qarabağ” cari mövsümə inamlı başlamasa da, görünən o idi ki, komanda bütün gücünü avrokuboklarda keçirdiyi matçlara yönəltmişdi. Məqsəd avrokuboklarda növbəti dəfə qrup mərhələsində oynamaq idi. Bunu bacardıqdan sonra fikirlərini çempionata yönəltdilər. “Qarabağ” oturuşmuş komandadı. Qurban Qurbanovun illər ərzində gördüyü işlər göz qabağındadı. Oturuşmuş komandadan çempionluğu qoparmaq çox çətindi. “Qarabağ”la bugünkü gündə mübarizə aparmaq asan deyil. Qurban müəllim, demək olar ki, eyni səviyyəli iki heyət formalaşdırıb.

- “Zirə” mövsümün ikinci yarısına “Səbail”lə heç-heçə ilə başladı. Az qol vurub, az qol buraxmaqla çempionatın birinci hissəsini 2-ci pillədə başa vuran qəsəbə klubuna bu mövqeyini qorumaq çətin olmayacaq?

- Baş məşqçi Rəşad Sadıqov illərdi çalışır və istəyir ki, komandası lazımi nəticələr əldə etsin. Artıq buna doğru gedirlər. Rəşad müəllim bu mövsüm daha istəkli, döyüşkən komanda yaradıb. Futbolçular üzərilərinə düşən məsuliyyəti dərk edirlər. Başa düşürlər ki, bu mövsüm yaxşı nəticəyə imza atmalıdılar. “Zirə”nin yaxşı yerlərdən birini tutacağını düşünürəm.

- Baş məşqçi postuna Miodraq Bojoviçi gətirən “Neftçi”dən çempionatın ikinci hissəsində hansı nəticəni gözləyirsiniz?

- Uzun illər “Neftçi”nin şərəfini qorumuşam. Komandada tarix yazan futbolçulardan biri olaraq, mənə də “Neftçi”nin hazırkı nəticələrini, çempionluqdan uzaq qalmasını görmək çətindi. Komandanın yaxşı nəticə qazanması üçün rəhbərlik tərəfindən bütün lazımi şərait yaradılıb. “Neftçi”nin uzun illərdi nəticə əldə edə bilməməsinin səbəbi oyunçu və məşqçi amili ilə bağlıdı. Bojoviçlə bağlı isə indidən konkret danışmaq olmur.

- Mutu da böyük ümidlərlə gətirilmişdi, ancaq ona bəslənən etimadı doğrulda bilmədi…

- Mutunun vaxtında təxminən 10 futbolçu transfer edildi, ancaq “Neftçi” çempionluq mübarizəsindən yenə uzaq qaldı. İndi bu posta Bojoviç gətirilib. Yeni baş məşqçinin işi bir müddət sonra görünəcək. Rəhbərlik tərəfindən lazımi maddi dəstək göstərilir, məşqçilərin istədikləri futbolçular transfer edilir. Qış fasiləsi müddətində də komandaya iki yeni oyunçu cəlb edildi. Bojoviçin “Neftçi” üçün uğurlu seçim olub-olmadığı ikinci yarının gedişində bilinəcək.

- Sizin üçün digər doğma klub “Kəpəz” mövsümün ikinci yarısına qələbə ilə başladı. Sizcə, Gəncə təmsilçisi Premyer Liqadakı mövqeyini qoruya biləcək?

- Cari mövsümün gedişində “Kəpəz”də baş məşqçi dəyişikliyi oldu. Bu mövsüm çempionatda qalmaq uğrunda mübarizə aparırlar. Ancaq bu, asan olmayacaq. “Kəpəz” hər matça xal və xallar qazanmaq istəyi ilə çıxmalıdı. Adil Şükürov bu məsuliyyətin altına giribsə, komandanı Premyer Liqada saxlamağa çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest