“Eyüpspor”la oyun sürətli keçdi, atmosfer əla idi”. Matc.az xəbər verir ki, bunu “Kocaelispor”un azərbaycanlı hücumçusu Ramil Şeydayev Türkiyə mətbuatına açıqlamasında deyib.
27 yaşlı hücumçu TFF I Liqasının XIX turunda “Eyüpspor”u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanı dəyərləndirib: “Eyüpspor” üçün çətin oyun oldu. Azarkeşlərimiz sayəsində bunu reallaşdırdıq. Onlar rəqib üzərində böyük təzyiq göstərdilər. Bu da çox xoşuma gəldi”.
Şeydayev “Kocaelispor”a keçməzdən əvvəl vaxtilə bu komandada çıxış etmiş “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovdan məsləhət aldığını etiraf edib: “Kocaelispor”a gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. Söhbətimiz uzun çəkmədi. O, daha çox “Kocaelispor” azarkeşləri barədə danışdı. Çox yaxşı azarkeşlərin olduğunu dedi. Bildirdi ki, özünü necə rahat hiss edəcəksənsə, ona uyğun da qərar ver. Mən də bura gəlməyi üstün tutdum”.
Forvard yeni komandasına uyğunlaşma prosesinin asan keçdiyini əlavə edib: “Bura uyğunlaşmaq mənim üçün asan olacaq. Çünki yaxşı dostluq mühiti var. Türkiyədə olmuşam, dili də bir az bilirəm. Dini baxımdan heç bir fərq yoxdu. Komanda yoldaşlarımla yaxşı vaxt keçirirəm. Mənim üçün hər şey yaxşı gedir”.
Şeydayev növbəti turda “Altay”la keçiriləcək matçda debüt etmək arzusunda olduğunu deyib: “Altay”la oyunda meydana çıxmaq istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Çempionluğa doğru addım-addım irəliləmək lazımdı. Hədəfimiz Superliqaya vəsiqə qazanmaqdı”.
Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün əvvəl “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.