Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşukun karyerasını yenidən Azərbaycanda davam etdirmək ehtimalı artıb. Matc.az xəbər verir ki, “Sabah”ın sabiq futbolçusu uğrunda mübarizədə bir klub geri addım atıb.
Belə ki, onu heyətinə qatmaq üçün bir neçə dəfə cəhd edən PAOK artıq keçiddən imtina edib. Buna səbəb Yunanıstan klubunun “Şaxtyor”la ortaq məxrəcə gələ bilməməsi olub. Qış “transfer pəncərəsi”nin qısa olduğunu nəzərə alan yunanlar artıq başqa yarımmüdafiəçi transferinə diqqətini ayırıb.
İndi Kaşuk uğrunda Azərbaycan klublarının yeganə rəqibi Xorvatiya “Hayduk”u hesab olunur. Onunla yanaşı, Premyer Liqa təmsilçiləri “Qarabağ”, “Sabah” və “Neftçi”nin də adı 23 yaşlı hücumameyilli oyunçu ilə birgə hallanır.
Qeyd edək ki, Aleksey Kaşuk 2023-cü ilin ilk 6 ayını icarə əsasında “Sabah”da keçirib. Onun “Şaxtyor”la müqavilə müddəti yaya qədərdi.