“Qarabağ”ın futbolçusu Leandro Andrade böyük ehtimalla komandasını dəyişməyəcək. Matc.az xəbər verir ki, Kabo Verde millisinin üzvünün adı “Krasnodar”la birgə hallansa da, bu transfer baş tutmayacaq.

Rusiya mətbuatı Premyer Liqa təmsilçisinin 24 yaşlı oyunçunun xidmətində maraqlı olmadığını yazıb. Doğrudu, “Krasnodar” hücumun sağ cinahına oyunçu axtarır. Ancaq digər namizədlərin keçidi məsələsini nəzərdən keçirir. Rusiya təmsilçisinin istədiyi ön xətt oyunçuları arasında Andrade yoxdu.

Transfer dəyəri 1,2 milyon avroya bərabər göstərilən Leandro Andradenin adı “Krasnodar”la yanaşı, “Rubin”lə də hallanırdı. Lakin “Qarabağ” rəhbərliyi bu məlumatları təkzib edib.

Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, aktivinə 10 qol, 9 assist yazdırıb. Onun ağdamlılarla müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest