Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Cavid İmamverdiyevin matc.az saytına müsahibəsi

- Yığmamızın baş məşqçi postuna hələ heç kim gətirilməyib. Əksəriyyət yerli çalışdırıcının təyin olunmasını istəsə də, görünən odu ki, yenə xarici məşqçiyə üstünlük veriləcək. Millinin şərəfini qorumuş biri olaraq, sizin bu barədə fikriniz necədi?

- Mən də onun tərəfdarıyam ki, millini azərbaycanlı məşqçi çalışdırsın. İnşallah, istəyimiz reallaşar və həmin posta öz mütəxəssislərimizdən biri təyin olunar. Konkret kimin gətirilməsi fərq etmir. O qədər təcrübəli, yaxşı məşqçilərimiz var ki… İnanıram ki, onların hər biri millidə nəticə verə bilərlər.

- Vaxtilə kapitanı olduğunuz keçmiş komandanız “Neftçi”yə yayda böyük ümidlərlə gətirilmiş Adrian Mutu 2023-cü il bitməmiş postundan göndərildi. Onunla yolların bu qədər tez ayrılacağını gözləyirdiniz?

- “Neftçi” xalqın komandasıdı, “flaqman”dı. Bu komanda hər mövsümə çempionluq məqsədi ilə başlayır. Lap Joze Mourinyonu gətir, o da nəticə verməsə, getməlidi. “Neftçi”nin üzərində çempionluq təzyiqi olur. Azarkeşlər bu komandadan ancaq birincilik gözləyirlər. Hətta ikinci yeri tutmaq da “Neftçi” üçün qaneedici nəticə sayılmır. Bu mənada, məşqçinin kimliyindən asılı olmayaraq, əgər işi düz getmirsə, “Neftçi”dən ayrılmalıdı.

- Yeni baş məşqçi Miodraq Bojoviçdən nə gözləyirsiniz? Sizcə, "Neftçi"yə əvvəlki əzəmətini qaytara biləcək?

- Bojoviç yaxşı tanımadığım məşqçilərdəndi. “Neftçi” üçün xeyirli olsun. Yenə deyirəm, o vəzifədə kimin olmasının önəmi yoxdu. Əsas odu ki, “Neftçi”ni uğura daşısın, bu komandanı daha irəlidə görək. İstəyirəm ki, “Neftçi” daim çempionluğa oynayan komandalardan olsun.

- Artıq azərbaycanlı futbolçular legioner həyatı yaşamağa maraq göstərirlər. Son olaraq sabiq komanda yoldaşınız Rahil Məmmədov Polşa klubuna keçdi. Yaxın gələcəkdə azərbaycanlı futbolçuları daha böyük çempionatlarda görə bilərik?

- Rahilə görə çox sevinirəm ki, bu keçid baş tutdu. Məncə, düzgün addım atdı. Hər bir futbolçumuz legioner həyatı yaşamağa can atmalı, ən azı özünə bir şans verməlidi. İnşallah, Polşa klubunda qalıcı olar. Rahilə uğurlar arzulayıram. Yaxşı futbolçularımız var, daha böyük çempionatlarda oynaya bilərlər. İnanıram ki, gələcəkdə bunu da görəcəyik. Yeni futbolçularımız üzə çıxacaq və legioner həyatı yaşayan oyunçularımızın sayı daha da artacaq.

- Vaxtilə ölkənin ən istedadlı futbolçularından sayılmısınız. Türkiyədə, “Elazığspor” klubunda çox qalmadığınıza görə indi üzülürsünüz?

- Xeyr, mən heç nəyə görə üzülən insan deyiləm. Bu, həyatdı, Allahın qismətidi və onu dəyişmək qeyri-mümkündü. Allaha şükürlər olsun ki, artıq məşqçiliyə başlamışam. Bildiklərimi və özümdə həyata keçirə bilmədiklərimi balaca balalarımıza öyrətmək, onlara kömək etmək istəyirəm. Buna görə də çox xoşbəxt və məmnunam. Həyatda heç bir şeyə görə peşman deyiləm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest