29 Yanvar 2024, 10:52
FUTBOL
Azərbaycan Premyer Liqasında 11 futbolçu cəzalı duruma düşüb. Matc.az saytının məlumatına görə, XX turda onlardan 8-i sarı vərəqə limitini doldurub, 3-ü isə qırmızı vərəqə alıb.
“Kəpəz” və “Qəbələ”nin hərəsinin 3 üzvü mövsümdə 4-cü sarı vərəqəsini alıb. Gəncəlilərdən Yeqor Xvalko, Elmir Tağıyev, Mate Kvirkviya, “qırmızı-qaralar”dan isə Gilad Abramov, Ürfan Abbasov, Asif Məmmədov bu üzdən qarşıdakı turu buraxacaqlar. Elvin Cəfərquliyev (“Qarabağ”) və Azər Salahlı (“Neftçi”) da eyni səbəbdən XXI turda məşqçilər korpusunun ixtiyarında olmayacaqlar.
Bundan başqa, “Sabah”ın kapitanı Elvin Camalov və “Qəbələ”nin legionerləri Zurab Oçiqava ilə Əyyub Allaş qırmızı vərəqə aldıqları üçün növbəti turu buraxmalı olacaqlar.
Qeyd edək ki, Premyer Liqada XXI turun oyunları 3-5 martda keçiriləcək.