Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi, veteran futbolçu Vidadi Rzayevin matc.az saytına müsahibəsi

- Çempionatın ikinci yarısının artıq 2 turu oynanılıb. Keçirilən matçlara əsasən hansı komandaların hazırda daha yaxşı formada olduğunu söyləmək olar?

- İki tura əsasən oyun keyfiyyəti baxımından bəzi komandaları fərqləndirmək olar. Əslində bütün komandalar təlim-məşq toplanışını səmərəli keçirirlər. Hələ belə qarışıq çempionatımız olmamışdı. Kimin kimə qalib gələcəyindən baş açmaq olmur. “Sumqayıt” yaxşı təsir bağışlayır. “Kəpəz”ə məğlub olmasına baxmayaraq, “Turan Tovuz”u da qeyd edərdim. “Səbail”lə matç göstərdi ki, Tovuz klubu pis hazırlıq keçməyib. “Neftçi”dən gözləntilər çoxdu. Çempionatın sonuna 16 tur qalıb. “Qarabağ” bu il də vaxtından əvvəl çempion olacaq.

- Qış fasiləsində klublarımızdan gedənlər və heyətə yeni cəlb olunanlar oldu. Sizcə, hansı futbolçunun gedişi komandasına problem yaradacaq və yeni transferlərdən kimlər yeni klublarına əlavə güc qata biləcəklər?

- Yaxşı futbolçunu heç kim öz istəyi ilə göndərmir. Klublar çalışırlar ki, gedənlərin yerinə daha yaxşısını gətirsinlər. Əvvəlki transfer dönəmlərində də səviyyəli futbolçuların Azərbaycandan getdiyini görmüşük. Məsələn, Mateus Saldanya. Yayda “Neftçi”yə gələn futbolçular elə də ümidvericiyi oyunçular olmadılar. “Neftçi”də “Qarabağ”la ayaqlaşa biləcək səviyyədə futbolçular yoxdu. “Qarabağ” ötən mövsüm Kadi Borges gedəndən sonra yerinə Juninyonu aldı. Juninyo hazırda çempionatımızın ən yaxşı hücumçusudu. Yayda Kaşuk və Mikelsi itirən “Sabah”dan bu qış Aleksey İsayev də ayrıldı. Onu nəyə görə satdıqlarını bilmirəm. İsayevin də gedişi “Sabah” üçün böyük itkidi. Nəzərə alaq ki, “Sabah”da yeni alınan futbolçular o qədər də effektiv deyillər, gedənlərin yerini doldura bilmirlər.

- Çempionatın ikinci yarısı yeni başlasa da, artıq bir neçə kobud hakim səhvi qeydə alınıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Qəbələdə keçirilən “Kəpəz” - “Turan Tovuz” oyununda hakim səhvi qeydə alındı. “Turan Tovuz”un futbolçusunun qırmızı vərəqə aldığı epizodun oxşarında “Kəpəz”in oyunçusuna da eyni cəza verilə bilərdi, amma referi fərqli qərar qəbul etdi. Onu versəydi, hesab başqa cür olacaqdı. Digər görüşlərdə də hakim səhvləri baş edir. Bunlara Hakimlər Komitəsi baxmalı, qərar verməli, səhvləri düzəltməlidi.

- “Neftçi” yeni baş məşqçisinin rəhbərliyi altında ilk qələbəsini “Qəbələ” üzərində (3:1) qazandı. Sizcə, Miodraq Bojoviç daha iddialı komanda formalaşdıra biləcək?

- “Neftçi” bu il ikinci yeri tutsa, onun üçün uğurdu. Çünki cari mövsümə Adrian Mutu ilə başladılar, o da yayda yaxşı oyunçu seçimləri etmədi. Bojoviç yeni gəlib, komandası “Qəbələ” ilə görüşdə pis təsir bağışlamadı. Dediyim kimi, “Neftçi”dən gözləntilər böyükdü. Bojoviçin Antalya toplanışında vaxtı oldu ki, komandanı yaxından tanısın, futbolçuları yoxlama matçlarında sınaqdan keçirsin. Bojoviçin “Neftçi”ni iddialı komandaya çevirib-çevirməyəcəyini zaman göstərəcək, indidən dəqiq nəsə demək olmur. Hazırda “Qarabağ”dan 15 xal geri qalırlar. Mövsümün sonuna 16 tur qalsa da, bu qədər xal fərqini aradan qaldırmaq çətindi.

- Vaxtilə işlədiyiniz “Kəpəz”in hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz? Adil Şükürovun gəlişindən sonra Gəncə klubu güclənib?

- Əlbəttə ki, Adil Şükürovun gəlişindən sonra “Kəpəz”də dirçəliş oldu. Hazırda komandanın 17 xalı var və 9-cu pillədədi. Adil müəllim gələndən bəri “Kəpəz”də canlanma var. Amma Premyer Liqada qalmaq çox çətin olacaq. Ev oyunlarını Gəncədə keçirə bilməməkləri komandaya mənfi təsir göstərir. “Kəpəz”dən başqa digər 9 klubun sponsoru var. Biz işlədiyimiz dönəmdə də belə idi, indi də bu cür davam edir. “Kəpəz”ə uğurlar arzulayıram. İnşallah, Adil Şükürov komandanı Premyer Liqada saxlayar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest