"Qəbələ" klubunun baş menecer vəzifəsindən ayrılan Nail Kərimovun matc.az saytına müsahibəsi

- 2006-cı ildən müxtəlif vəzifələrdə çalışdığınız “Qəbələ”dən ayrılmaq qərarı nə ilə bağlı oldu?
- Öz təşəbbüsümdür. Komandanın işlərinin yaxşı getməməsi məni çox narahat edirdi. Qışda bu haqda fikirləşirdim, amma məni kim əvəzləyər, əsas komandanın işini kim üzərinə götürər, onu bilmirdim deyə, çox düşünürdüm. “Sumqayıt”la oyunda yenə eyni ssenari yaşandı. Yaxşı oyun göstərərək, bir səhvə görə uduzmaq ssenarisi mövsüm ərzində dəyişmədiyi üçün qərara gəldim ki, burada mütləq bir dəyişiklik olmalıdır. Klub rəhbərliyinə getməyimi təklif etdim, qəbul olundu. Neçə illər birlikdə çalışdığımız, yaxından tanıdığımız Səbuhi Səfiyarlını kluba dəvət etdik. O da sağ olsun, təklifi qəbul etdi, bu məsuliyyətli işin altına girməyi öz üzərinə götürdü. İnanıram ki, bu dəyişiklik öz müsbət təsirini göstərəcək. Hazırda komanda böhran dövründədir. Böhran dövründə edilən istənilən dəyişiklik həmişə müsbət nəticələr verir.

- Ötən mövsüm uğurlu çıxış edən “Qəbələ” bu il Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Uğursuz nəticələrdə özünüzü günahlandırdığınız üçün bu addımı atdınız?
- Əgər mən “Qəbələ” klubunun baş meneceriyəmsə, əsas komandanın bütün fəaliyyətinə cavabdehəmsə, demək ki, burada mənim də günahım, səhvim, yaxşı görmədiyim işlər var. Hətta mənim səhvim olmasa belə, bir daha vurğulayıram ki, bu vəziyyətdə edilən dəyişikliklər həmişə müsbət effekt verir.

- Sizcə, “Qəbələ” Premyer Liqadakı yerini qoruya biləcək?
- “Qəbələ” Premyer Liqadakı yerini qoruyacaq. Mən buna inandığıma görə bu addımı atmışam. Yüksək faiz etibarilə əminəm ki, bu dəyişiklik öz faydasını verəcək və komanda toparlanaraq Premyer Liqadakı yerini qoruyacaq.

- “Qəbələ”dəki uzunmüddətli fəaliyyətinizi necə dəyərləndirirsiniz? Gördüyünüz hansı işləri daha çox xatırlayacaqsınız?
- Öz işimi dəyərləndirmək istəməzdim. Nə iş görmüşəmsə, qarşılığını almışam. Əgər hansısa işləri görə bilmişəmsə, bu, “Qəbələ” klubunun sayəsindədir. Mən orada yetişmişəm, böyümüşəm. “Qəbələ” mənim üçün iş yeri deyil, evdir, ailədir. Həmişə belə qalacaq. Oradakı böyüklərimizdən istər peşəkarlıq, istər futbol, istərsə də xarakter, davranış forması və buna bənzər başqa şeyləri əlavə etsək, çox şey öyrənmişəm. Mənim üçün ən yadda qalan məsələlər bunlardır. Həqiqətən də, “Qəbələ” klubundan həyatımı dəyişəcək dərəcədə çox şey öyrənmişəm.

- Bundan sonra hansısa klubda fəaliyyət göstərəcəksiniz, yoxsa sferanı dəyişməyi düşünürsünüz?
- Harada fəaliyyət göstərəcəyim barədə fikirləşməmişəm. Bunu zaman göstərəcək. Sonda onu deyim ki, hazırda mənim üçün ən əsas məsələ “Qəbələ”nin Premyer Liqada qalmasıdır. Bunun reallaşacağına ürəkdən inanıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest