“Qardaş ölkə Azərbaycanda Türkiyəni təmsil etdiyim üçün qürur duyuram”. Matc.az xəbər verir ki, bunu “Səbail”də baş məşqçi Şahin Diniyevin türkiyəli köməkçisi Sebahattin Tekin deyib.

50 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında Bakı klubunda uğurlu mövsüm keçirdiklərini bildirib: “Mövsümə Şahin Diniyevin təklifi ilə “Səbail”də başladım. Rəhbərlik, məşqçilər heyəti, klub işçiləri, futbolçular çox istiqanlı insanlardı. Rəhbərimiz Firuz Qarayev burada peşəkar ailə mühiti yaradıb. Açığı, burada Türkiyədən daha rahat olduğumu deməliyəm. Ümumilikdə Azərbaycanın futbol ölkəsi olma yolunda irəliləyir və inkişaf edir”.

Məşqçi Azərbaycan futbolunun Türkiyə başda olmaqla digər bir çox ölkə tərəfindən izlənildiyini söyləyib: “Bir çox futbolçu Azərbaycanı Türkiyədə və başqa ölkələrdə təmsil edir. Məsələn, Renat Dadaşov Superliqada önəmli işlər görür. Millinin bir çox üzvü xaricdə oynayır. 10 il əvvəl vəziyyət belə deyildi. Azərbaycanın təkcə futbolçuları yox, məşqçiləri də inkişafdadı. Buna misal kimi Şahin Diniyevi göstərə bilərəm. Onunla birgə çalışmaq əladı. Komanda daxilində rəqabət mühiti yaradır, futbolçuları psixoloji cəhətdən əla saxlayır və motivasiya edir. Oyunçu seçimində bacarıqlı olmaqla yanaşı, beynəlxalq təcrübəsi var. Diniyev ölkə xaricində rahatlıqla çalışa bilər”.

Sebahattin Tekin Azərbaycanda sponsorların futbola marağının artdığını sözlərinə əlavə edib: “İki ölkə futbolu arasında fərqlər mövcuddu. Türkiyə komanda və futbolçu sayının çoxluğu və büdcə baxımından daha şanslıdı. Sponsorlar Azərbaycanda klubları dəstəkləyirlər. Məsələn, klubum “Səbail”in sponsoru ASCO bizim üçün əlindən gələni edir. Bu cür sponsorların artması gələcəkdə Azərbaycan futbolunu daha yüksək yerlərə daşıyacaq”.

O, bəzi azərbaycanlı futbolçularla bağlı Türkiyə klublarına məsləhətlər verdiyini də gizlətməyib: “Bəzən bu barədə məndən soruşan klub rəhbərliyinə və məşqçilərə tövsiyələrimi verirəm. Türkiyədə çalışacaq gücdə məşqçilər və oynayacaq səviyyədə futbolçular Azərbaycanda çox saydadı”.

Sebahattin Tekin gələcəklə bağlı planlarının olduğunu da deyib: “Hazırkı klubumdan çox məmnunam. Müqaviləm mövsümün sonuna qədərdi. Karyeramla bağlı planlarım var, amma addım-addım gedirəm. Bizim peşəmizdə bəxt amili yoxdu. Yaranan fürsətlərə hazır olmalısan. İstər ölkə daxilində, istərsə də xaricdə ola bilərik. İnkişafım üçün təkcə Türiyə yox, dünya futbolundakı prosesləri də izləyirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest