“Mənə təqdim olunan layihə və Çempionlar Liqasında oynamaq kimi uşaqlıq arzuma görə “Qarabağ”a gəldim. Hazırda Avropa Liqasında mübarizə aparırıq və inkişaf mərhələsindəyik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın hücumçusu Olavio Juninyo Portuqaliya mətbuatına açıqlamasında deyib.
Braziliyalı forvard Ağdam klubunda özünü tamamlanmış hiss etdiyini söyləyib: “Komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Bu amilin böyük təsiri var. Qısa müddətdi Azərbaycanda olmağıma baxmayaraq, yaxşı uyğunlaşdım. Bəxtim onda gətirdi ki, Riçard Almeyda kimi braziliyalı uzun müddətdi buradadı. Bu məqam mənim uyğunlaşma prosesimi asanlaşdırdı. Almeydanın mənə köməyi çox oldu. Çünki başlanğıc asan deyildi, dili və mədəniyyəti dərk etmək üçün vaxt lazım idi”.
27 yaşlı oyunçu bu mövsüm Avropa Liqasındakı çıxışlarını da dəyərləndirib. O, pley-off mərhələsində “Braqa” önündə şanslarına da toxunub: “Qrup mərhələsindəki oyunlar xəyal idi. Əvvəllər yaşadıqlarımdan fərqli atmosfer hökm sürür. İnanılmaz təcrübə idi. Bilirik ki, Avropa arenasında asan matç yoxdu. “Braqa” ilə görüşlər nə bizim, nə də onlar üçün asan olacaq. Rəqib yaxşı oynamağı bacaran əla komandadı. Ancaq biz onları düşünmürük, hər şeyi oyundan-oyuna düşünürük”.
Qeyd edək ki, Juninyo “Qarabağ”a mövsümün əvvəlində “Çaves”dən keçib. “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.