La Liqa rəhbərliyi İspaniya Kral Futbol Federasiyasının (RFEF) Müsabiqə Komitəsinə məktub göndərib. Matc.az xəbər verir ki, məktubda XX turun “Xetafe” – “Real” oyunundan əvvəl baş verən hadisə vurğulanıb.
Bildirilib ki, qonaqların arenaya girişi zamanı ev sahiblərinin çoxsaylı azarkeşləri təhqiramiz şüarlar səsləndirib, “Vinisius meymundu”, deyə qışqıraraq irqçiliyə yol veriblər.
Eyni zamanda məktubda “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin rəqib hücumçu Meyson Qrinvuda qarşı sözləri də yazılıb. Matçın ardından cütlük arasında insident yaşanıb və həmin vaxt “kral klubu”nun oyunçusu rəqibi ingiliscə “təcavüzkar” adlandırıb.
“Real”ın yarımmüdafiəçisi Daniel Sebalyosun qapı arxasında olan sektordakı bir qrup yerli azarkeşin ünvanına təhqirləri də öz əksini tapıb.
Qeyd edək ki, “Xetafe” – “Real” görüşündə qonaqlar 2:0 hesablı qələbə qazanıb.