“Çətin qrup olsa da, bizim üçün yaxşı sınaqdı”. Matc.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
İsveçrəli mütəxəssis Millətlər Liqasının 2024-25 mövsümünün püşkünü dəyərləndirib. 49 yaşlı çalışdırıcı Azərbaycan, İsveç və Slovakiya ilə birgə düşdüyü A qrupunun çətin olduğunu söyləyib:
“Qrupun keyfiyyəti haqqında çox danışmağa ehtiyac yoxdu. Güclü qrupdu. Biz fərqli rəqiblərlə düşəcəyimizə ümid edirdik. Yeni komandalarla tanış olmaq istəyirdik. Çünki İsveç və Azərbaycan artıq bizə tanışdı. Amma indi bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik”.
Baş məşqçi Millətlər Liqası ilə bağlı hədəflərini də açıqlayıb: “Xal qazanmalı, rəqiblərimizi məğlub etməyə çalışmalıyıq. Bütün gücümüzü qrupda qalmağa yönəltməliyik”.
Qeyd edək ki, Millətlər Liqasında mövsüm sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.