"Birinci hissədə "Kəpəz" daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq oyunu bərabərləşdirdik"

“Oyun çox maraqlı və dinamik şəkildə keçdi. Matçı üç hissəyə bölmək olar”.
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIII turunda "Kəpəz"i 3:2 hesabı ilə məğlub edən “Sabah”ın məşqçisi Ruslan Qafitullin deyib.
 
Baş məşqçi əvəzi komandanın birinci hissədə rəqibdən geri qaldığını etiraf edib. Qafitullun ələ düşən fürsətlərdən maksimum istifadə etdiklərini bildirib: “Birinci hissədə "Kəpəz" daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq oyunu bərabərləşdirdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bildik. Çox şadam ki, bu gün gənc Xəyal Əliyev kimi futbolçuya şans verdik. Xəyal da bu şansdan istifadə edə bildi. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə necə olacağını deyə bilmərəm”.
 
“Sabah”ın məşqçisi son oyunlarda komandanın çox qol buraxmasına da münasibət bildirib: “Qapıçı ilə bağlı nəsə deyə bilmərəm. Qqapıçılar üzrə məşqçi var və o, müzakirə aparacaq. İşimiz çoxdur. Düz deyirsiniz, 4 oyuna 15 qol buraxmaq pis göstəricidir. Amma unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”.
 
Qeyd edək ki, qələbə sayəsində “Sabah” xalını 31-ə yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest