“Qarabağ” aparıcı futbolçusu Abdullah Zubiri itirə bilər. Matc.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Avropa klublarının maraq dairəsinə düşüb.
Zubirin Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə həftənin oyunçusu seçilməsi klubların diqqətini çəkib. Artıq iki komanda onunla ciddi şəkildə maraqlanır. Bunlar Almaniya Bundesliqasında mübarizə aparan “Auqsburq” və Şotlandiya nəhəngi “Seltik”di.
Fransalı ölkəsinə də qayıda bilər. İddiaya görə, avrokuboklarda çıxış edən Fransa klublarından biri onun yayda heyətinə cəlb etməyi nəzərdən keçirir. Zubirin “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədər olduğundan, hücumameyilli oyunçu yayda başqa komandaya azad agent kimi keçə bilər.
Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”a 2018-ci ildə “Lans”dan keçib.