23 Fevral 2024, 01:24
FUTBOL
“Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm”.
Matc.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.
Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gələn Azərbaycan çempionu cavab görüşündə 2:3 uduzsa da, tarixində ilk dəfə avrokubokların 1/8 finalına adlamağı bacarıb.
Qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında 52 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm. Onların həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Onlar elə miras qoyublar ki. Amma bu gün sanki döyüş var idi meydanda. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra “Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”.
O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”.
Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub: “Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər. Birdən-birə komandanı ruhdan sala bilər. Amma bunların hamısının bizə faydası var. Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır. Azlıqda da ola bilərsən. Amma dözümlülük, iradə mühümdür. Bu gün zəfər çalmaq daha ləzzətli oldu”.
Qurban Qurbanov klubda hər kəsin böyük məsuliyyətlə çalışdığını vurğulayıb: “Bu cür qalibiyyətlər futbolumuz üçün böyük uğur, inamdır. İstənilən turnirdə şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq. Məğlub ola bilərik, istədiyimiz nəticəni qazanmaya bilərik. Ancaq bu klubda məsuliyyətsiz insan yoxdur. Varsa da, tez bir zamanda düşərgəni tərk edir. Azərbaycanımızı, Qarabağımızı düşünərək, yaxşı uğur əldə etmək istəyirik”.
Təcrübəli mütəxəssis bir neçə epizodun dönüş nöqtəsi olduğunu bildirib: “Məncə, əzmkarlıq və xarakter həlledici oldu. 90 dəqiqədən sonrakı qısa fasilədə futbolçulara dedim ki, geri çəkilməməliyik, uduzsaq da, rəqibin üzərinə getməliyik. Onlar da çəkinmədilər, oynadılar. Sonda da Nərimanın qolu ilə qalib gəldik. Hər şey 10 nəfərlə qaldıqdan sonra yaşandı. O ana qədər üstünlük bizdə idi, real qol epizodları yox idi. Futbol elə oyundur ki, bəzən düşünmədiyimiz epizodlar yaranır. Elə olur ki, 5-ci dəqiqədə qırmızı vərəqə alırsan. Bunları daim göz önünə gətirməliyik. Sadəcə, sona kimi inanmaq və nəticə üçün oynamaq lazımdır”.
Qurban Qurbanov oyundan əvvəl Milli Qəhrəman Allahverdi Bağırovla birlikdə plakatının açılmasına da münasibət bildirib: “Çox duyğulandım və kənara baxdım. Çünki Allahverdi əvəzolunmaz bir insan idi”.
Çalışdırıcı Elvin Cəfərquliyevin qırmızı vərəqə alması, Bəhlul Mustafazadənin isə penaltiyə səbəb olması səbəbindən tənqid olunmasını istəmədiyini vurğulayıb: “Oyun bitəndən sonra Elvini qucaqlayıb dedim ki, oğulsan. Uduza bilərdik. Amma bu komandaya qarşı ürəklə oynamaq hər şeyə dəyər. Elvin kimi oyunçum bu rəqibdən çəkinmirsə, hər hücumda irəli çıxırsa... Buna ürək lazımdır. Oyunçularımın əziyyətinə görə onları hansısa epizodda qınamağı düzgün hesab etmirəm. Şanlı zəfərimizdən sonra da futbolçularımızdan daim ürəkli olmağı, rəqibin üzərinə getməyi tələb edirəm. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladlarıyıq. Pillə-pillə də bu səviyyəyə gəlib çıxmışıq. Bu cür azarkeş qarşısında bəzən mənim motivasiya verməyim lazım olmur. Meydançaya çıxanda sona qədər vuruşmağa hazır idilər”.
O, futbolçularının Avropa klublarından təkliflər almasının mümkünlüyünə də toxunub: “Təki olsun. Klub olaraq, ölkə futbolu olaraq böyüməliyik. Transfer bazarından uzaq olsaq, yenə yerimizdə sayacağıq. Transferlər olduqda həm həvəsli olacağıq, həm də gedənlərin yerinə yenilərini ala biləcəyik. Şəxsən mən bu kollektivin qalmasını istərdim”.
Baş məşqçi ölkə xaricində çalışmaq variantı barədə sualı cavablandırarkən, bütün istəyinin Azərbaycana xidmət etmək olduğunu deyib: “Bu ölkənin kiçik bir vətəndaşıyam. Məsuliyyətlə Vətənimə, xalqıma xidmət etməyi düşünmüşəm. Bu gün də bundan həzz alıram. Yavaş-yavaş irəliləyirik. İşimizin, əziyyətimizin bəhrəsini Allah verir”.
Qurban Qurbanov Portuqaliyadakı görüşdən sonra futbolçulara arxayınlaşmamağı tapşırdığını sözlərinə əlavə edib: “İşimizlə bağlı danışıq idi. Səfərdə bu cür komandanın qapısından 4 top keçirmisənsə, istər-istəməz futbolçularda rahatlığa yol aça bilərdi. Bir tərəfdən yaxşı haldır. Amma digər tərəfdən mane ola bilərdi. Amma futbolçulara dedim ki, hələ heç nə etməmişik, Bakıda çox güc sərf etməli olacağıq. Bu rəqibin gücünü bilirdik, sıradan komanda deyil. “Braqa”nın istənilən komandanın qapısından 3-4 top buraxacaq gücdə olduğunu bildirmişdim. Futbolçulara demişdim ki, gələn təbriklərə o qədər də çox meyil salmasınlar”.
“Qarabağ”ın çalışdırıcısı qələbəni Prezident İlham Əliyevə və Azərbaycan xalqına həsr edib: “Xankəndidə keçirdiyimiz gün əvəzolunmaz gün idi. Bugünkü qalibiyyət sanki orada görülən işlərin nəticəsidir. Futbolçuların bu gün çəkinməmələrində Zəfərimizin böyük rolu oldu. Onlar müharibə ilə çox maraqlanırdılar. Qələbəni də başda cənab Prezident olmaqla bütün xalqımıza, millətimizə həsr edirik”.
O, köməkçi məşqçi Elçin Rəhmanovun qırmızı vərəqə almasına da münasibət bildirib: “Elçin müəllimin bu komandadakı rolu danılmazdır. Hər işimizi müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli, komandaya fayda verən düşüncələri var. O, texniki zonadan qovulduqdan sonra bəzi dəqiqələrdə çevrilirdim ki, Elçin müəllim yoxdur. Onun qırmızı vərəqə alması da bir zərbə idi. Qarşıdakı oyunda yanımda olmayacaq. Amma yəqin ki, yenə ünsiyyətdə olacağıq”.