“Bayer” yarımmüdafiəçisi Alexandro Qrimaldo mövsümün əvvəlində Almaniya klubuna keçməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu Leverkuzen təmsilçisində titullar qazanmaq arzusundadı.

İspaniyalı “Bayer”də istəyinə çatacağına inanır: “Bayer”ə kuboklar qazanmaq niyyəti ilə gəldim. Bundesliqa və Avropa Liqası titulu bura daxildi. Komanda gözlədiyimdən də yaxşı çıxdı. Bunu dərhal, mövsümöncəsi hiss etdim. Bu mövsüm azarkeşləri və medianı “Bayer” haqqında çox danışmağa vadar edəcəyik”.

Qrimaldo baş məşqçiləri Xabi Alonso barədə fikirlərini də bölüşüb: “Xabi Alonso xüsusidi. O, məşqçilikdə yeni era gətirəcək. “Ştutqart”la oyunun ilk hissəsində çox zəif çıxış etdik. Xabi Alonso bizə dedi ki, nəticə məni maraqlandırmır, öz üslubumuzu, futbolumuzu görmək istəyirəm”.

Qeyd edək ki, “Bayer” 24 turdan sonra 64 xalla Almaniya çempionatına başçılıq edir. Leverkuzen təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq. Komandalar arasında ilk görüş sabah Bakıda reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest