"Qurban Qurbanovla aramızda sirr yoxdu". Matc.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Qarabağ”ın pley-offda “Braqa” ilə hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansını gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər. “Qarabağ” çox güclü komandadı, avrokubok təcrübəsi böyükdü. Buna hazırıq”.
O, bir müddət əvvəl “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi sirr yoxdu. O, yaxşı məşqçidi”.
Baş məşqçi zədədən dönən argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun görüşə hazır olduğunu vurğulayıb: “Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadı. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budu”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.