“Çox vacib oyundu. Bizə böyük dəstək var”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

52 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə Bakıda keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Bakıda futbol ab-havası hökm sürür. Bizim üçün məsuliyyətli görüşdü. “Bayer” kimi komandalarla qarşılaşmadan böyük təcrübə toplayırıq. Pis hazırlaşmamışıq. Oyunçularımızın ən yaxşı oyunlarından birini göstərəcəyinə inanıram”.

Qurbanov Azərbacan və Almaniya futbolunu arasında fərq barədə düşünmədiklərini söyləyib: “Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmaq lazım olduğunu fikirləşirik. “Bayer”in üstün olduğunu bilirik. Ancaq böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik”.

Çalışdırıcı komandaya dəstək olan Türkiyə xalqına təşəkkürünü bildirib: “Həmişə Türkiyə futbolunu izləmişik. Diqqət mərkəzində olmaq bizə əlavə güc ver. Türkiyə azarkeşlərini daim görürük, bizim yanımızda olurlar. “Qarabağ”ı dəstəkləyən qardaşlarımız var. Çəkinəcəyimiz bir şey qalmır”.

Baş məşqçi bildirib ki, onlar üçün ev-səfər anlayışı yoxdu: “İndi ev və ya səfər düşüncəsi yoxdu. Çəkinsək, uğurlu nəticə əldə edə bilmərik. Baxımlı futbol sərgiləməliyik. Sabah da düşündüyümüz hücumları qurmağa çalışacağıq. Almaniya klubu ustalıqda bizi üstələyə bilər. Amma yenə də öz oyunumuzu göstərmək istəyirik. Böyük klublara qarşı da fəlsəfəmizdən əl çəkməməliyik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest