“Özümə söz vermişdim ki, milliyə çağırıldıqdan sonra bunu daimi hala çevirəcəyəm. Ötən il çağırılmışdım, indi də Bakıdakı turnir üçün ora gedəcəyəm”. Matc.az xəbər verir ki, bunu Bolqarıstan yığmasının qapıçısı Dimitar Mitov ölkəsinin mətbuatına açıqlamasında deyib.
27 yaşlı qolkiper martda Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirində Tanzaniya və Azərbaycanla keçiriləcək oyunlara çağırılmasına münasibət bildirib.
Ötən il Bolqarıstan seçməsində debüt edən Şotlandiyanın “Sent-Conston” klubunun üzvü buna görə sevincli olduğunu söyləyib: “Müntəzəm millidə yer almaq üçün stabillik şərtdi. Bu cür davam edəcəyimə inanıram. Futbola başladığım uşaqlığımdan yığmanın formasını geyinmək ən böyük arzum olub. Ölkəmin şərəfini qorumaq qürurvericidi. Bakıdakı turnirin yaddaqalan olması üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “FIFA series – Edition 2024” turniri çərçivəsində martın 22-də Bolqarıstan – Tanzaniya, Azərbaycan – Monqolustan, 25-də isə Tanzaniya – Monqolustan və Azərbaycan – Bolqarıstan oyunları keçiriləcək. Millimiz hər iki görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Digər iki qarşılaşma “Dalğa Arena”da oynanılacaq.