“Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. "Qəbələ" çox yaxşı komandadır. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar”.
Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVI turunda qələbə qazanan “Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis “Qəbələ” ilə 2:1 hesabı ilə başa çatan oyunun ikinci hissəsindən narazı qalıb: "Qəbələ" çox yaxşı komandadır. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə iki oyun dalbadal qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq”.
“Sabah”ın baş məşqçisi komandada çox dəyişiklik etmədiyini deyib. O, zamanla daha yaxşı olacaqlarını bildirib: “4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Deyə bilmərəm ki, çox şeyi dəyişmişik. İstəyirəm orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, birinci hissədə yaxşı idi. İkinci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı”.
Renduliç qarşısına konkret məqsəd qoyulmadığını qeyd edib: “Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir”.
Xorvatiyalı mütəxəssis “Sabah”dan təklif aldıqdan sonra ölkəmizdə fəaliyyət göstərmiş həmyerliləri Jelko Sopiçə və Robert Prosineçkiyə də zəng etdiyini bildirib. O, ölkəmiz haqqlnda çox yaxşı şeylər söylənildiyini vurğulayıb.
Qeyd edək ki, qələbə “Sabah”ı turnir cədvəlində 3-cü pilləyə yüksəldib.