Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunun matc.az saytına müsahibəsi
- Azərbaycan yığmasının baş məşqçi postu hələ də vakantdı. Yeni təyinatın gecikməsinin millimizə ziyanı dəyməyəcək?
- Təbii ki, bu, yaxşı deyil. Hər məşqçiyə vaxt vermək lazımdı. Bu posta kimin gətiriləcəyini bilmirəm, amma mən yerli məşqçi olmasını istərdim. Qarşıdakı iki oyuna millimizi Arif Əsədov çıxaracaq. Ona və yığmamıza uğurlar arzu edirəm.
- Milli komandamızın Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? İsveç, Slovakiya və Estoniya ilə birgə yer aldığımız qrupda şansımız nə qədərdi?
- Çətin qrupdu. Amma ümid olmasa, onda heç oynamağa dəyməz. Düşünürəm ki, hər bir rəqiblə oynayıb yaxşı nəticə qazanmaq olar. Sözsüz ki, Estoniyanı hər iki matçda məğlub etməliyik. İsveç bizim üçün tanış rəqibdi, onlardan ən azı Bakıda 3 xal ala bilərik. Eyni zamanda, Slovakiya ilə Bakıdakı görüşə qələbə üçün çıxmalıyıq. 10-12 xalla qrupdan çıxmağa çalışmalıyıq.
- Avropa Liqasında ölkəmizi layiqincə təmsil edən “Qarabağ” 1/8 finalın “Bayer”lə ilk oyununda 2:2 hesablı heç-heçə etdi. Bu nəticəni gözləyirdiniz? Sizcə, hesabdakı üstünlüyümüzü əldən verməyimizə nə səbəb oldu?
- “Bayer” hazırda Avropanın ən yaxşı komandalarındandı. “Qarabağ" gözəl oyunu ilə bütün Avropaya səs saldı. Açığı, mən “Qarabağ”dan məhz Bakıdakı oyunda yaxşı nəticə gözləyirdim. Çünki bu sezon komanda əsl Avropa səviyyəli futbol sərgiləyir və əsas odu ki, stabil oyun göstərir. Təəssüflər olsun ki, “Qarabağ” bu oyunda öz səhvlərindən 2 qol buraxdı və tarixi qələbəni əldən verdi. Matçdan sonra Xabi Alonsonun dediyi sözlərlə tam razıyam. “Bayer”in bəxti gətirdi, “Qarabağ”ın isə gətirmədi.
- “Bayer”lə cavab matçında “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiniz?
- Çətin olacağını deməyə ehtiyac yoxdu. “Bayer” evdə, demək olar ki, xal itirmir. Amma “Qarabağ” onlarla artıq 4-cü oyuna çıxacaq. “Qarabağ” necə oynamaq lazım olduğunu bilir. Ələ düşən fürsətlərdən faydalana bilsələr, kritik səhvlər etməsələr, bir balaca bəxt “Qarabağ”ın tərəfində olsa, Almaniyada lazımi nəticəni qazanmaq olar.
- Vaxtilə legioner həyatı yaşayan azsaylı futbolçularımızdan biri olmusunuz. Son illərdə azərbaycanlı futbolçuların ölkə xaricində oynamağa maraq göstərdiyinin şahidi oluruq. Bununla bağlı nə deyə bilərsiniz?
- Legioner həyatı yaşamaq hər futbolçuya qismət olmur. Bu, çox çətin, maraqlı və məsuliyyətli işdi. Uğurlu legioner olmaq tamamilə başqadı. Bunun üçün xarakterin olmalı, çevik davranmalısan. Oynadığın çempionata və ölkənin mentalitetinə uyğunlaşmalısan və əsası bacarığından 2 dəfə üstün performans göstərməlisən. Əks halda, heç kimə lazım olmayacaqsan. Azərbaycanlı futbolçuların ölkə xaricinə çıxmasını ancaq dəstəkləyirəm. Görünür ki, kimsə gündəmdə qalır, kimsə itib batır. Bu, futboldu. Amma düşünürəm ki, nə qədər çox futbolçumuz xaricdə oynasa, Azərbaycan futbolu, milli komandamız üçün bir o qədər xeyirdi.
- Vaxtilə siz də müdafiəçi olmusunuz və Polşa çempionatında oynamısınız. Hazırda millimizin müdafiəçisi Rahil Məmmədov da bu ölkədə legioner həyatı yaşayır. Onun “Qarabağ”dan Polşaya gedişini necə qarşıladınız? Rahilin Polşada qalmaq şansını necə dəyərləndirirsiniz?
- Bəli, vaxtilə Türkiyə və Polşada oynamışam. Polşa Kubokunun sahibi və çempionatının bürünc medalçısıyam. Rahilin oyunlarını imkan daxilində izləyirəm. Məmmədovla aramızdakı fərq ondadı ki, mən Polşaya gedəndə cəmi 20 yaşım var idi, Rahilin isə hazırda 28 yaşı var. Məni perspektiv üçün lider komandaya cəlb etmişdilər. Rahili isə komandanı xilas etmək üçün transfer ediblər. Hazırda onun komandası axırıncı yerdə gedir. Necə deyərlər, müharibəni tək udmaq olmur. Amma Rahilin oyunu Polşada bəyənilir. Mövsümün sonundakı turnir cədvəlindən asılı olmayaraq, Məmmədov gələn sezon rahatlıqla başqa klubda uğurlu ola bilər.
- Azərbaycanlı müdafiəçilərdən başqa kimlərin Polşada və ya digər Avropa ölkələrində oynamaq gücündə olduğunu düşünürsünüz?
- Ancaq müdafiəçiləri saysaq, “Qarabağ”dan Bəhlul Mustafazadə, Toral Bayramov və Elvin Cəfərquliyevi, “Sabah”dan Amin Seydiyevi deyərdim. “Araz-Naxçıvan”dan Abdulla Rzayevin də potensialı böyükdür. Əslində, Premyer Liqamızda oynayan hər bir azərbaycanlı futbolçu xaricdə özünü sınaya bilər. Amma bunu üçün özünəinam olmalıdı.