Azərbaycan yığmasının və “Tuzlaspor” klubunun futbolçusu Bəxtiyar Həsənalızadənin matc.az saytına müsahibəsi
- “Tuzlaspor”un heyətində son oyunda qələbə qazandınız. Türkiyə I Liqasındakı yerinizi qoruya biləcəksiniz?
- “Kocelispor” kimi güclü rəqiblə oyundan 3 xalla ayrıldıq. Bizim üçün çox önəmli qələbədi. Qarşıdakı oyunlara da qalib gəlmək fikri ilə çıxacağıq. Çempionatda qalmaq uğrunda mübarizə aparırıq. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? Sizcə, qrupda şansımız nə qədərdir?
- Deyərdim ki, həm İsveç, həm Slovakiya, həm də Estoniya çətin rəqibdi. Ancaq indi futbolda elə vəziyyətdi ki, hamı bir-birini məğlub edə bilir. Odu ki, bizim oyunlarımızda da istənilən nəticə qeydə alına bilər. Şans həmişə var, əsas məsələ bundan istifadə edə bilməkdi.
- Yığmamızın baş məşqçi təyinatının bu qədər gecikməsinin komandamıza hər hansı bir ziyanı ola bilər?
- Bu haqda nəsə demək, fikir bildirmək istəmirəm.
- "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə keçirdiyi ilk oyun haqda nə deyə bilərsiniz və bu gün keçiriləcək cavab qarşılaşmasında komandamızın mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
- “Qarabağ” üçün çətin olacaq. Çünki rəqib çox güclüdü. “Bayer” təkcə Almaniya liqasının deyil, Avropanın ən formada olan komandasıdı. Bununla belə, “Qarabağ”ın cavab matçında da sonadək mübarizə aparacağını düşünürəm. Nəticədən asılı olmayaraq, “Qarabağ” ilk oyundakı kimi əlindən gələni edəcək.
- Formasını geyindiyiniz klubda, yaşadığınız şəhərdə "Qarabağ" haqda nə deyirlər, nə danışırlar?
- “Qarabağ” haqda ətraflı məlumatları var. Bu barədə bir çox insan mənimlə danışıb. “Qarabağ”ın Avropa Liqasındakı uğurlu nəticələri, “Bayer” kimi komanda ilə Bakıda heç-heçə etməsi böyük uğurdu. Odu ki, insanların məndən “Qarabağ” haqda soruşmaları, bu klubun avrokuboklardakı çıxışı barədə danışmaları normaldı.
- Gələcək planlarınız nədən ibarətdi? Mövsüm bitəndən sonra “Tuzlaspor”da qalmağı düşünürsünüz, yoxsa başqa təklifləriniz var?
- Hələ bu barədə nəsə deyə bilmərəm. Çünki bu dəqiqə çempionat oyunlarına köklənmişəm. Qarşıda bizi vacib matçlar gözləyir. Bu görüşlərdə yaxşı nəticəyə imza atmaq “Tuzlaspor” üçün çox önəmlidi. Gələcək karyeramla bağlı mövsüm bitəndən sonra düşünəcəyəm və ən doğru qərarı verəcəyəm.