“Oyunu iki hissəyə bölərdim”. Matc.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXVII turunda “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

“Oyunu iki hissəyə bölərdim”. Matc.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXVII turunda “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın ardından jurnalistlərin suallarını cavablandırıb: “0:3 darmadağın deməkdi. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdi. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissəyə diktə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. “Neftçi” kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər top bizim üçün faciəyə bərabərdi. Üçüncü qoldan danışmaq istəmirəm. “Neftçi”yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da”.

- İkinci hissədəki oyunu nəzərə alsaq, tablodakı nəticə düzgün gəlmirdi. Bu nə ilə əlaqədar idi?

- Bəli, razıyam. Düz gəlmirdi.

- “Səbail”də stabillik çatmır. Bu oyuna qədər müdafiə xəttində belə boşluqlar görülməmişdi. Nə baş verdi ki, müdafiənin mərkəzində bu qədər səhv oldu?

- Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdi. Onların içərisində ənənə məsələsi var. “Neftçi” bu gün pis vəziyyətdə ikinci yeri tutanda bəyənmirlər. Bu ənənədən xəbər verir. “Səbail” yenidi. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 80-90 faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birinə bağlıdı. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidi. Komandanın qarşısına qoyulan minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. “Səbail” futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdu. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdı. Zamanla onu da yoluna qoysaq... “Səbail” Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridi.

- AFFA qərar verib ki, “Səbail” Tural Bayramlıya 70 min manat pul ödəməlidi. Amma klub bunu yerinə yetirmir. Futbolçu FİFA-ya şikayət edib və martın 30-na qədər pul ödənilməlidi. Bu vəziyyət həll olunmasa nələrin baş verəcəyi məlumdu. Transfer qadağası və avrokuboklara vəsiqə əlinizdən alına bilər...

- Bu suala mən cavab versəm, etik normadan çıxıram. Klub rəhbərliyi var. Sualın birinci hissəsinə cavab verə bilərəm ki, mən onu yollamamışdım. 18 oyunda 53 dəqiqə meydanda olmuşdu və iki qırmızı vərəqə almışdı. Mən gələndə əvəzedici heyətdəydi. Ondan qabaq yollanmışdı.

- Samir Abasov ötən tur bildirmişdi ki, gələcəyin komandasını qurmaq istəyirəm, avrokuboklara getsəm, birinci mərhələdə uduzub qayıdacağıq. Eyni fikri, eyni düşüncəni “Səbail”ə də aid etmək olar?

- Ölkədən-ölkəyə çox fərq var. Komandadan-komandaya da. Bu gün baş məşqçilər asılı vəziyyətdə qalan insanlardı. Zamanın verilib-verilməməsi ikinci məsələdi. Hər kəsə bu gün lazımdı. Sabah heç kimə lazım deyil. Bu gün sabahı düşünsək, o sabah olmayacaq. Həmişə reallıqla barışmağa çalışmışam. Bu gün nəyimiz varsa, onunla qane olaq. Radikal addımlar, layihə, gələcəyə addımlar... “Səbail”in yolu düzdü. “Qarabağ”, “Neftçi”, “Zirə” ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə stabillik çatışmır. Onu da zamanla bağlayıram. Keçən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Komanda düzgün inkişaf yolundadı. Dominant oynamaq hər komandanın işi deyil. Komanda darıxdırıcı futbol oynamır. Biz sona qədər mübarizə aparacağıq. Hazırkı futbolla avrokuboklara layiqik. Futbolçularıma dedim ki, üzülməyin, futbol oynayırsız, nəticə gec-tez olacaq. Oyun varsa, nəticə mütləq gələcək. Vay o gündən ki, oyun olmaya, amma qələbələr qazanasan. Sevinirəm ki, komandam futbol oynayır, komandamla fəxr edirəm.

- “Səbail”dən milliyə Səlahət Ağayev və Rüfət Abdullazadə dəvət edilib. Daha çoxunu gözləyirdiz?

- Nəsə desəm, deyəcəksiz ki, pafoslu danışırsız. İlk işimiz klub üçün çalışmaqdı, amma həm də, milliyə futbolçu yetişdirməkdi. “Səbail” üçün prestijdi. Ötən il klubumuzdan 10-a yaxın futbolçu yığma komandalarımıza getmişdi. Komada yox, klub olaraq inkişaf etmək istəyirik. Limitdə olan oyunçularımız ən yaxşılardı. Yusif Nəbiyev, Rafael Məhərrəmli, Adil Nağıyev də var, milliyə dəvət edilə bilər. Milliyə düşmək üçün klubda uğur qazanmalısan. sportal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest