“Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq”. Bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib. O, FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstanla keçiriləcək görüşləri dəyərləndirib.

“Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstanla keçiriləcək görüşləri dəyərləndirib. Əsədov hədəfin hər iki qarşılaşmada qalibiyyət olduğunu bildirib: “Qarşımıza qoyulan məqsədlərdən biri odur ki, hər iki oyunda qələbə qazanaraq, komandanın əhval-ruhiyyəsini daha da yüksəldək. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”.

Mütəxəssis Anton Krivotsyuk və Mahir Emreliyə dəvət göndərməmələrini onların zədəli olması ilə əlaqələndirib: “Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

O, yığmanın debütantlarına şans veriləcəyini sözlərinə əlavə edib: “Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır. Qərara aldıq ki, üç gənc oyunçu  - Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər”.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest