“Çelsi” və “Mançester Siti” maliyyə pozuntularına görə İngiltərə çempionatından kənarlaşdırıla bilər. Matc.az xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, Premyer Liqanın müstəqil komissiyası artıq klublara təqsirli bilinəcəyi təqdirdə çempionatdan çıxarıla biləcəkləri barədə xəbərdarlıq edib. “Şəhərlilər”ə ötən ilin fevralında 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülüb.
“Mavilər” hələ də ittiham olunmayıb, lakin Roman Abramoviçin londonluları idarə edərkən klubun maliyyə hesabatlarında pozuntular aşkarlanıb.
Artıq bu mövsüm maliyyə pozuntularına görə “Nottingem Forest” 4, “Everton” isə 6 xaldan məhrum olub.
Qeyd edək ki, Premyer Liqada 28 turdan sonra “Mançester Siti” 63 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Çelsi” 39 xalla 11-cidi.