“Azərbaycanda olmaqdan şadıq. Burada olduğumuz üçün həyəcanlıyıq”. Matc.az xəbər verir ki, bunu Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka deyib.

Yaponiyalı çalışdırıcı Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.

O, sabahkı qarşılaşmada qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: “Azərbaycan millisi olduqca güclüdü. Dinamik rəqibə qarşı oynayacağıq. 1966-cı ildəki dünya çempionatını izləmişəm. Məhz mundialın finalında Tofiq Bəhramovun qərarından da xəbərdaram. Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İçiro Otsuka millimiz barədə təhlil apardıqlarını sözlərinə əlavə edib: “Rəqibin oyun taktikasına bələdik. Azərbaycanla Yaponiya millisinin oyununu bir-birinə bənzədirəm. Əsasən də, futbolçuların keyfiyyəti oxşayır. Lakin fərqli tərəf odu ki, Azərbaycan yığmasının qarşılaşdığı rəqiblər güclü olur”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Monqolustan oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest