“Bizi çox maraqlı iki oyun gözləyir”. Matc.az xəbər verir ki bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində Monqolustanla keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis hər iki oyuna fərqli taktiki sxemdə çıxacaqlarını bildirib. Əsədov debütantlar barədə də məlumat verib: “Ehtiyat oyunçular siyahısında yer alan Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Çoxdandı Emil Mustafayevin oyunu diqqətimizdədi. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun təsirləri var. Rza Cəfərov milliyə dəvət olunubsa, deməli, oynamaq şansı da olacaq. Millidə işləyərkən Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik”.
Çalışdırıcı sabakı rəqib Monqolustan barədə məlumata sahib olduqlarını söyləyib: “Rəqibi yaxşı təhlil etmişik. Onların oyunu Avropa futbolundan seçilir. Çox istəkli, müdafiədə sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq. Hücum futbolu oynayacağıq”.
53 yaşlı mütəxəssis milli komandadakı durumuna da toxunub: “Neftçi”yə təyin olunanda da köməkçi məşqçi idim. Orada bir il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyadı”.
Əsədov “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayevin yenidən milliyə dəvət alacağını istisna etməyib: “Onun üçün millinin qapıları həmişə açıqdı. Hər mövqedə iki futbolçu çağırmışıq. Bu dəfə Qaranı çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda yenə yoldaşlıq oyunları olacaq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Monqolustan görüşü saat 20:00-da başlayacaq. Komandamız martın 25-də eyni məkanda və eyni saatda Bolqarıstanı qəbul edəcək.