"Məğlub olduğumuz üçün məyusam". Matc.az xəbər verir ki, bunu Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka deyib.
 
59 yaşlı yaponiyalı mütəxəssis “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycana 0:1 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında fikirlərini bölüşüb: “Yaxşı rəqiblə oynayırdıq. 90 dəqiqə qol buraxmadıq. Müdafiədə yaxşı idik, ancaq bu da azdır. Hücuma da çıxmaq lazımdır. Kiçik addımlarla irəliləməliyik. Oyundan sonra futbolçularıma təşəkkür etdim, onlara fantastik çıxış etdiklərini dedim".
 
O, Azərbaycan və Yaponiya millilərini müqayisə edib: "Azərbaycan bizim üçün yüksək səviyyəli komandadır. Yaponiya ilə müqayisə etsək isə, Yaponiyanın futbolçularının çoxu Top-liqalarda çıxış edirlər. Monqolustan yığması üçün isə Azərbaycan kimi komandalara qarşı çıxış etmək təcrübədir. Asiyada daha çox zəif rəqiblərə qarşı oynayırıq. Bu gün standartlar fərqli idi. Bu gün də yaxşı müdafiə olunduq. Bu oyun rəqibin rahatlığına qismən mane oldu".
 
İçiro Otsuka əlavə edib ki, heç-heçə onlar üçün uğurlu nəticə olardı: "Bu, Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Hər zaman müdafiə olunan komanda enerji itirir. Belədə son dəqiqə qolları gəlir. Müdafiə olunduqca rəqibin qol vuracağını düşünürsən və qol buraxırsan. Hücum edəndə isə qol vurmaq barədə fikirləşirsən. Bura təzə gəlmişəm. Hələ ki, müdafiə davranışını inkişaf etdiririk".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest