“Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand məşqçi olmamasının səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, mütəxəssis bunu şəxsi həyatındakı problemlərlə əlaqələndirib.
Məsələ burasındadı ki, Ferdinand karyerasını bitirəndən sonra 2015-ci ildə məşqçilik kurslarına gedib. Lakin bu müddət ərzində onun həyat yoldaşı Rebekka döş xərçəngindən vəfat edib. Sabiq müdafiəçi isə üç övladına baxmalı olub.
“Məşqçi olmaq istəyirdim. Mən, Ueyn Runi, Maykl Karrik və Con Oşi kursu birlikdə keçdik. Amma şəxsi vəziyyətim məşqçi olmağa imkan vermədi. Məşqçisinizsə, həftənin 7 günü, günün 24 saatı bu işlə məşğul olmalısınız. Uşaqlarımın isə 100 faizimi onlara həsr etməyimə ehtiyacı var idi. Mən hələ də valideyn axşamlarına gedə bilirəm, amma məşqçilər bunu edə bilmirlər. Məşqçi olmamaq qərarına çox tez gəlməli oldum”, - deyə Ferdinand bildirib.
Qeyd edək ki, Rio Ferdinandın peşəkar karyerası 1995-2015-ci illəri əhatə edib.