“Neftçi”nin çexiyalı sabiq yarımmüdafiəçisi Zdenek Folprextin matc.az saytına müsahibəsi
- Hazırda hansı işlə məşğulsunuz?
- Futbolçu karyeramı 32 yaşda bitirməli oldum. Dizimdən ağır zədə aldığım üçün butslarımı mismardan asmaq məcburiyyətində qaldım. Belə olduğu üçün çox üzüldüm. Çünki karyeramı erkən bitirəcəyimi heç düşünməzdim. Daha bir neçə il futbol oynamaq istəsəm də, buna nail olmadım. Hazırda televiziya və radioda futbol eksperti, aparıcısı kimi çalışıram.
- Azərbaycan sizin üçün nə deməkdi?
- “Neftçi”də qısa müddət çıxış etsəm də, Azərbaycanın ürəyimdə yeri ayrıdı. Siz mehriban millətsiniz. “Neftçi”də oynadığım müddətdə bunun şahidi oldum. Hamı mənə əlindən gələn köməyi edirdi. Bakı şəhərini çox bəyənirəm. O cür müasir, dəbdəbəli şəhərdə yaşamaq həm mənim, həm də həyat yoldaşımın ürəyincə idi.
- Sabiq komandanızın oyunları, nəticələri ilə maraqlanırsınız?
- Bəli, maraqlanıram. Hər həftə “Neftçi”nin oyununda hansı nəticənin qeydə alındığını izləyirəm. Komandanın turnir cədvəlindəki vəziyyətindən xəbərim var. Bütün matçlarını diqqətdə saxlayıram. “Neftçi”nin ölkə kubokunda “Qarabağ”a 0:4 hesabı ilə uduzduğunu da bilirəm.
- “Neftçi” cari mövsümdə də “Qarabağ”la rəqabət apara biləcək səviyyədə deyil. Bununla bağlı nə deyə bilərsiniz?
- Açığı, klubun strukturundakı və baş məşqçi postundakı dəyişikliklərdən, edilən transferlərdən sonra düşünürdüm ki, “Neftçi” bu mövsüm “Qarabağ”la çempionluq mübarizəsi apara biləcək. Mövsümöncəsi çox iddialı görünürdülər, məqsədlərinin çempionluq olduğunu bildirirdilər. Ancaq zaman göstərdi ki, “Neftçi” bunu bacaracaq gücdə deyil.
- “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışını necə qiymətləndirirsiniz?
- “Qarabağ”ı Avropada hər kəs tanıyır. Bu komandanın güclü baş məşqçisi və səviyyəli futbolçuları var. Təbii ki, “Qarabağ”ın avrokuboklardakı son nəticələrindən də xəbərdaram. “Braqa” və “Bayer”lə oyunları xüsusi vurğulamaq istərdim. “Qarabağ” artıq neçə ildi ki, olduqca inamlı təsir bağışlayır.